Argentinanın Neuken əyalətinin Kutral-Ko şəhərində milli komandanın kapitanı Lionel Messiyə həsr olunan dünyanın ən hündür heykəlinin açılışı olub.
İdman.Biz “Ole” nəşrinə istinadən xəbər verir ki, abidənin müəllifi yerli heykəltəraş Aldo Beroisadır.
Messinin heykəlinin hündürlüyü 26 metrdir. Bununla da Argentinada ucaldılan abidə Hindistanda qoyulan və 21 metr hündürlüyə malik əvvəlki Messi heykəlini geridə qoyub.
Açılış mərasimi “Qızıl top” mükafatının səkkizqat qalibinin vətənində böyük populyarlığının növbəti göstəricisi kimi qiymətləndirilir. Messi 2022-ci ildə dünya çempionluğu qazandıqdan sonra Argentinanın əsas idman simvollarından biri hesab olunur.
Qeyd edək ki, Lionel Messi hazırda DÇ-2026-da Argentina millisinin heyətində çıxış edir. Daha əvvəl onun dünya çempionatlarında vurduğu qolların sayına görə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekordunu təkrarladığı bildirilirdi. Argentinalı futbolçunun mundiallarda 16 qolu var.
Argentina millisi turnirdə növbəti oyununu 22 iyunda Avstriyaya qarşı keçirəcək.
