İspaniyanın “Barselona” futbol klubu müdafiə xəttini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Mikki van de Venlə maraqlanır.
Məlumata görə, “Tottenhem” niderlandlı futbolçunu satmaq niyyətində deyil və onu komandanın əsas oyunçularından biri hesab edir. London klubu yalnız müdafiəçinin özü transfer istəyi ilə çıxış edəcəyi halda danışıqlara hazır ola bilər.
Bildirilir ki, “Tottenhem” belə vəziyyətdə van de Ven üçün təxminən 115 milyon avroluq (230 milyon AZN) təklifi nəzərdən keçirə bilər. Bu məbləğ futbolçunun klub üçün nə qədər vacib olduğunu göstərir.
“Barselona” üçün bu transferin müsbət tərəflərindən biri futbolçunun katalon klubuna münasibətidir. Van de Ven daha əvvəl uşaqlıq kumirinin “Barselona”nın sabiq kapitanı Karles Puyol olduğunu açıqlayıb. Bu məqam İspaniya klubuna keçid ehtimalı ilə bağlı müzakirələri artırıb.
Qeyd edək ki, van de Ven mərkəz müdafiəçisi mövqeyində çıxış edir və lazım gəldikdə sol cinah müdafiəsində də oynaya bilir. Onun sürəti və fiziki göstəriciləri “Barselona”nın oyun üslubuna uyğun keyfiyyətlər kimi dəyərləndirilir.
