Yüksək səviyyədə çıxış edən futbolçular son 50 ildə daha hündür və daha incə bədən quruluşlu olublar.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Vulverhempton Universitetinin alimləri İngiltərə yüksək liqasında çıxış edən futbolçuların fiziki göstəricilərini araşdırıblar.
Tədqiqat zamanı 1973/74, 1983/84, 1993/94, 2003/04, 2013/14 və 2023/24 mövsümlərində komandaların heyətlərində yer alan oyunçuların boyu, çəkisi və yaşı müqayisə edilib.
Nəticələrə əsasən, İngiltərənin yüksək divizionunda futbolçuların orta boyu 1973-cü ildəki 177,1 santimetrdən 2023-cü ildə 181,5 santimetrə yüksəlib. Beləliklə, orta göstəricidə 4,4 santimetrlik artım qeydə alınıb.

1973-cü ildən 2013-cü ilədək artım bütün mövqelərdə müşahidə olunsa da, sonrakı onillikdə fərqli mənzərə yaranıb. Qapıçılar və müdafiəçilər daha da hündürləşib, yarımmüdafiəçilərlə hücumçuların orta boyunda isə cüzi azalma qeydə alınıb.
Araşdırma həmçinin futbolçuların son üç onillikdə daha incə bədən quruluşuna malik olduğunu göstərib. Alimlər bunu müasir futbolda sürət, davamlı hərəkət və yüksək iş yükünün artması ilə əlaqələndiriblər.

Tədqiqat müəlliflərinin fikrincə, futbol meydançalarının keyfiyyətinin yaxşılaşması da oyunçuların fiziki quruluşunun dəyişməsinə təsir göstərib. Əvvəllər daha ağır və fiziki mübarizəyə uyğun futbolçulara üstünlük verildiyi halda, müasir oyunda sürətli, çevik və dözümlü oyunçulara ehtiyac artıb.
Məşq prosesləri, qidalanma, zədələrin qarşısının alınması və bərpa prosesindəki yeniliklər də futbolçuların daha uzun müddət yüksək səviyyədə çıxış etməsinə imkan yaradıb.
Araşdırmada əvəzetmələrin istifadəsinin də son 50 ildə xeyli artdığı qeyd olunub. Alimlər bunu əvəzetmə qaydalarının dəyişməsi və oyunların fiziki intensivliyinin yüksəlməsi ilə izah ediblər.
Nəticələr göstərir ki, futbolçuların fiziki quruluşundakı dəyişiklik təsadüfi deyil. Müasir futbolun daha sürətli və intensiv xarakter alması klubların oyunçu seçiminə, məşq sisteminə və istedadların inkişaf etdirilməsinə də təsir göstərir.
