Bir neçə gün əvvəl “Sabah”dan ayrılan Jesse Sekidikanın yeni komandası müəyyənləşib.
İdman.Biz “Starnewskorea”ya istinadən xəbər verir ki, nigeriyalı vinger karyerasını Cənubi Koreyada davam etdirəcək. 29 yaşlı futbolçu K-Liqa 1 təmsilçisi “Qanqvon”la müqavilə imzalayıb.
Cənubi Koreya klubu Sekidikanın yay transfer pəncərəsində ilk yeni futbolçusu olduğunu açıqlayıb. “Jesse” adı ilə qeydiyyata alınacaq hücumçu 70 nömrəli formanı geyinəcək.

“Qanqvon”un baş direktoru Kim Byunq Ji Sekidikanı qarşılamaq üçün tibbi müayinənin keçirildiyi mərkəzə şəxsən gedib. Klub yeni transferin təqdimatını canlı yayım vasitəsilə də həyata keçirib.
Sekidika yeni komandası ilə uğurlar qazanmaq istədiyini bildirib:
“Bir futbolçu kimi hər zaman çempionluq hədəfləyirəm. “Qanqvon”la da yaxşı nəticələr əldə etmək istəyirəm. Azarkeşlərin dəstəyinin qarşılığını vermək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Jesse Sekidika 2023-cü ildən “Sabah”ın formasını geyinib. Nigeriyalı futbolçu Bakı klubunda keçirdiyi 107 rəsmi oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə verib. O, “Sabah”ın 2025/2026 mövsümündə tarixində ilk dəfə Azərbaycan çempionu olmasına və qızıl dubl etməsinə töhfə verib.
