“Liverpul” Munyosa görə “Nyukasl”ı qabaqladı

18 İyun 2026 12:03
89
“Liverpul” Munyosa görə “Nyukasl”ı qabaqladı

İngiltərənin “Liverpul” futbol klubu “Osasuna”nın vingeri Viktor Munyosun transferini tamamlamağa yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

Mersisayd təmsilçisi son günlər futbolçu ilə bağlı danışıqlar aparan “Nyukasl”ı qabaqlayıb. “Liverpul” 22 yaşlı ispaniyalı ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb və onun 40 milyon avro (təxminən 78,4 milyon manat) məbləğində sərbəstqalma bəndini aktivləşdirib.

Munyosun keçidi rəsmiləşdikdən sonra transfer məbləğinin yarısı - 20 milyon avro (təxminən 39,2 milyon manat) “Osasuna”ya, digər hissəsi isə “Real Madrid”ə çatacaq.

Madrid klubu vingeri 2025-ci ilin yayında beş milyon avro qarşılığında “Osasuna”ya satarkən onun iqtisadi hüquqlarının 50 faizini özündə saxlayıb. “Real Madrid”in futbolçunu geri almaq hüququ da var idi, lakin klubun bu imkandan istifadə etməyəcəyi bildirilir.

Viktor Munyos ötən mövsüm “Osasuna”nın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə verib. İspaniya millisinin üzvü hazırda DÇ-2026-da iştirak edir.

İdman.Biz