Kolumbiya məğlubiyyətinə baxmayaraq, Kannavaro ümidlidir

18 İyun 2026 10:35
87
Kolumbiya məğlubiyyətinə baxmayaraq, Kannavaro ümidlidir

Özbəkistan futbol millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatında Kolumbiyaya 1:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, bu qarşılaşma Özbəkistan yığmasının DÇ-2026-dakı debüt matçı olub.

İtaliyalı mütəxəssis komandasının xüsusilə ikinci hissədə daha yaxşı təsir bağışladığını bildirib:

“Oyun maraqlı keçdi. İkinci hissədə gedişatı dəyişə və nəzarəti ələ almağa çalışa bildik. İlk növbədə, bura Özbəkistanı müsbət tərəfdən göstərmək üçün gəlmişik. Futbolçularıma həmişə deyirəm ki, oyun zamanı fəal hərəkət etmək lazımdır”.

Kannavaro Kolumbiya kimi güclü rəqibə qarşı topsuz oynamağın çətin olduğunu vurğulayıb:

“Kolumbiya kimi komandalara qarşı, xüsusən də top sizdə olmayanda oynamaq çox çətindir. Ümumilikdə, ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq”.

Baş məşqçi bu görüşün Özbəkistan futbolu üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Bu matçı yadda saxlayacağıq. Bu, tarixi oyun idi. Ümumilikdə, yaxşı oynadıq. Səhvlərimiz oldu və onların üzərində işləyəcəyik”.

İdman.Biz