Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronaldunu Konqo Demokratik Respublikası ilə oyunda əvəzləməməsinin səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunun ilk turunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə meydanda olub.
Martines matçdan sonra Ronaldunun cərimə meydanındakı təcrübəsinin və müdafiəçiləri özünə cəlb etmək bacarığının komandaya fayda verdiyini bildirib:
“Qola ehtiyacımız olan oyunda dünya futbolunun ən yaxşı bombardirini meydandan çıxarmağın mənası yoxdur. Belə anlarda Kriştianunun cərimə meydanındakı təcrübəsi vacibdir. O, müdafiəçiləri özünə çəkərək komanda yoldaşları üçün boşluqlar yaradır. Qol axtarırıqsa, Kriştianu meydanda olmalıdır”.
Baş məşqçi daha əvvəl Ronaldunu yaşına görə deyil, məşqlərdəki göstəricilərinə, fiziki durumuna və komandaya verdiyi töhfəyə əsasən qiymətləndirdiklərini də vurğulayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu Konqo Demokratik Respublikası ilə görüşdə iki əlverişli qol imkanından istifadə edə bilməyib. Portuqaliya millisinin növbəti rəqibi Özbəkistan yığması olacaq.
