“Dünya çempionatı hələ yeni başlayıb və mütəxəssislərin favorit hesab etdiyi bəzi komandalar ilk oyunlarını hələ keçirməyiblər. Buna görə də indidən hansısa yığmanı birmənalı şəkildə əsas favorit adlandırmaq çətindir”.
Bu sözləri Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev deyib.
Təcrübəli mütəxəssis ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-da favorit komandaları açıqlayıb.
“Turnirin ilk mərhələlərində nəticələr çox vaxt komandaların tam gücünü tam əks etdirmir. Adətən qrup mərhələsinin ikinci və üçüncü turlarından sonra komandaların potensialı barədə daha dəqiq fikir formalaşır. Fikrimcə, hazırda çempionluğa əsas namizədlər Fransa, İspaniya, Almaniya və ilk oyunda xal itirməsinə baxmayaraq Braziliyadır. Bu komandalar həm heyət keyfiyyəti, həm təcrübə, həm də son illərdə beynəlxalq arenada göstərdikləri sabit çıxışlarla diqqət çəkirlər. Xüsusilə Fransa və İspaniya son böyük turnirlərdə uğurlu nəticələr əldə ediblər. Almaniya isə ilk oyundakı inamlı çıxışı ilə iddiasını ortaya qoydu. Braziliya ilk görüşdə qələbə qazana bilməsə də, bu komandanın turnirin sonrakı mərhələlərində daha güclü çıxış edəcəyini gözləmək olar”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
S.Əliyev bu gün keçiriləcək oyunlarla da bağlı fikirlərini bölüşüb:
Bu gün dörd maraqlı qarşılaşma keçiriləcək. Günün ən diqqətçəkən oyunlarından biri İspaniya ilə Kabo-Verde arasında baş tutacaq. Kağız üzərində İspaniya aşkar favorit hesab olunur və mən də onların qələbə qazanacağını düşünürəm. Bununla belə, mundialda favoritlərin hər zaman rahat qələbə qazandığını söyləmək mümkün deyil. Zəif hesab edilən komandalar bəzən nizam-intizamlı oyun və yüksək motivasiya sayəsində sürpriz nəticələr əldə edə bilirlər”.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.
