İngiltərənin “Arsenal” futbol klubunun baş həkimi Zəfər İqbal vəzifəsindən uzaqlaşdırılıb.
İdman.Biz xəbər verir ki, London təmsilçisi mövsümün başa çatmasından bir neçə gün sonra bu qərarı qəbul edib.
Zəfər İqbal idarə heyətinin toplantısına çağırılıb və ona “Arsenal”dan dərhal ayrılacağı bildirilib. 51 yaşlı mütəxəssis 2024-cü ilin fevralından London klubunda çalışırdı. O, daha əvvəl “Liverpul” və “Tottenhem”də də müxtəlif vəzifələrdə işləyib.

“Arsenal” son illərdə ciddi zədə problemləri ilə üzləşib. Bukayo Saka, Yurrien Timber, Kay Haverts, Martin Edeqor və digər futbolçular mövsümün müxtəlif mərhələlərində uzun müddət komandadan kənarda qalıblar, Çempionlar Liqasında komandaya tam gücləri ilə kömək edə bilməyiblər. Bu durum baş məşqçi Mikel Artetanı tibbi və fiziki hazırlıq sahəsində dəyişikliklərə getməyə vadar edib.
Məlumata görə, klub son aylarda fizioterapevt Xoakin Asedonu zədə vəziyyəti ilə bağlı daxili təhlil aparmaq üçün prosesə cəlb edib. “Arsenal” Zəfər İqbalın əvəzləyicisini tapmaq üçün artıq axtarışa başlayıb.
Arteta daha əvvəl də zədə probleminin çempionluq mübarizəsində həlledici amillərdən biri olduğunu vurğulayıb. İspaniyalı mütəxəssis əsas futbolçuların aprel və may aylarında meydana çıxmasının komandanın uğur şansını ciddi şəkildə artırdığını bildirib.
