“Real Madrid”ın sabiq hücumçusu və baş məşqçisi Xorxe Valdano Argentina millisinin hücumçusu Lionel Messinin qarşıdakı dünya çempionatında iştirakı barədə fikirlərini bölüşüb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, "Real Madrid” sabiq hücumçusu və baş məşqçisi Messinin fenomenal keyfiyyətlərini vurğulayıb:
“Onu hamı elmin köməyi ilə dayandırmağa çalışır, amma hələ ki, buna nail olan yoxdur. O, meydanda sanki gəzərək oynayır, amma yenə də qarşısını almaq mümkün deyil. Getdikcə daha da yavaşıyır, lakin heç kim onun fəndlərini anlaya bilmir. O, izaholunmaz futbolçudur. Son 20 ildə futbolda silinməz iz qoymuş dahidir. Bilmirəm, buna bənzər başqa bir hadisə nə vaxtsa təkrarlanacaqmı.
Təkcə onun meydanda olması böyük əhəmiyyət daşıyır. Komanda yoldaşları ona sadə heyranlıq hissindən daha güclü bir münasibət bəsləyirlər. Bu, Qətərdə əla nəticə verdi. Komanda yoldaşını müdafiə etmək başqa şeydir, dostunu müdafiə etmək başqa. Həmin dostunun dünya çempionu olmasına kömək etmək isə artıq kollektiv məsuliyyətə çevrilir”.
