Ukraynadan FIFA və UEFA-ya Rusiya çağırışı

3 İyun 2026 15:28
67
Ukraynadan FIFA və UEFA-ya Rusiya çağırışı

Ukrayna Futbol Assosiasiyası, Ukrayna Milli Olimpiya Komitəsi və ölkənin Gənclər və İdman Nazirliyi FIFA və UEFA rəhbərliyinə birgə məktub ünvanlayıb.

İdman.Biz xəbər verir ki, Ukrayna tərəfi Rusiya və Belarus komandalarının beynəlxalq futbol yarışlarına buraxılmamasını xahiş edib.

Məktubda 2022-ci ildən bəri hərbi və humanitar kontekstdə vəziyyətin dəyişmədiyi qeyd olunur. Bu səbəbdən Ukrayna təşkilatları Rusiya təmsilçilərinə tətbiq olunan mövcud qərar və sanksiyaların dəyişdirilməsi üçün əsas olmadığını bildiriblər.

Ukrayna tərəfi FIFA və UEFA-dan Rusiya ilə bağlı qərarın qüvvədə saxlanılmasını istəyib. Eyni zamanda, futbolda Belarusa da analoji sanksiyaların tətbiq edilməli olduğu vurğulanıb.

Qeyd edək ki, FIFA və UEFA 28 fevral 2022-ci ildə Rusiya klubları və milli komandalarının beynəlxalq yarışlarda iştirakını növbəti qərara qədər dayandırıb. UEFA Belarus komandalarının ev oyunlarını neytral meydanda və azarkeşsiz keçirməsi barədə qərar qəbul etsə də, Belarus təmsilçilərinin yarışlardan tam kənarlaşdırılması ilə bağlı eyni addım atılmayıb.

Xatırladaq ki, son günlər ardıcıl şəkildə beynəlxalq federasiyalar Rusiya milli komandaları üzərindəki sanksiyaları qaıdırırlar. Bunlar qılıncoynatma, su idman növləri, güləşçilər və gimnastlar daxildir.

İdman.Biz