Hüquqşünas: “Turan Tovuz”un avrokuboklara buraxılması üçün hüquqi arqumentlər var”

3 İyun 2026 13:41
83
Hüquqşünas: “Turan Tovuz”un avrokuboklara buraxılması üçün hüquqi arqumentlər var”

“Turan Tovuz”un hazırkı durumunu ümidsiz hesab etmək düzgün olmaz”.

Bu sözləri idman hüquqşünası Fərid Haqverdiyev avrokuboklardan kənarlaşdırılan “Turan Tovuz” barədə danışarkən deyib.

O bildirib ki, klubun müdafiəsi üçün müəyyən hüquqi arqumentlər mövcuddur.

“Əgər UEFA-ya izah olunsa ki, sözügedən hadisə yeddi il əvvəl baş verib, klubun özü hər hansı cəza almayıb və yalnız yeddi futbolçu futbolla bağlı bütün növ fəaliyyətlərdən kənarlaşdırılıb, bu, qərarın dəyişdirilməsi baxımından əhəmiyyətli amil ola bilər. Eyni zamanda, həmin dövrdə klub daxilində maarifləndirmə tədbirlərinin keçirilib-keçirilmədiyi, rəhbərliyin məsələyə hansı reaksiyanı verdiyi və nə dərəcədə peşəkar davranıldığı da araşdırılmalıdır. Düşünürəm ki, bu arqumentlərdən istifadə olunarsa, klubun xeyrinə qərarın qəbul edilməsi mümkündür”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb. Klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.

İdman.Biz