Ağaseyid Qasımov: “Qazaxıstan üzərində layiqli qələbə qazandıq”

2 İyun 2026 11:53
68
Ağaseyid Qasımov: “Qazaxıstan üzərində layiqli qələbə qazandıq”

“Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında layiqli qələbə qazanıb”.

Bu barədə komandanın qapıçısı Ağaseyid Qasımov bildirib.

O, Qazaxıstan yığmasını 3:2 hesabı ilə üstələdikləri matç haqqında fikirlərini bölüşüb.

“Bütün xalqımızı təbrik edirəm. Ağır oyun alındı. Layiqli qələbə qazandıq. Bundan sonra da asan qarşılaşma olmayacaq. Artıq bu görüşü unutmalı və növbəti matç haqqında düşünməliyik. Buradan çempion kimi getmək istəyirik”, - deyə o report.az-a açıqlamasında deyib.

Qolkiper rəqib oyunçuların meydanda sərt oynamasına da toxunub:

“Qazaxıstan komandasının belə sərt oynayacağını gözləyirdik. Üçüncü dəfədir ki, onlara qarşı mübarizə aparırıq. Bütün oyunlarda sərt mübarizələr görmüşük. Buna da hazır idik, öhdəsindən gəldik və layiqli qalibiyyət əldə etdik”.

A.Qasımov 1/4 finalda Çexiyaya qarşı keçirəcəkləri görüşdə şansları dəyərləndirib:

“Bu komanda ən yaxşı rəqiblərdən biridir. Xalqımızı sevindirmək və çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Söz verirəm ki, ya Çexiya ilə oyunda, ya da finalda mən də qol vuracağam”.

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz