UEFA Çempionlar Liqasının finalında PSJ ilə İngiltərənin “Arsenal” futbol komandası arasında keçiriləcək oyun ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndiriləcək.
İdman.Biz xəbər verir ki, Fransa daxili işlər naziri Loran Nunyes hüquq-mühafizə orqanlarına mümkün iğtişaşların qarşısının alınması ilə bağlı tapşırıq verib.
Məlumata görə, 30 mayda ölkə üzrə 22 min polis və jandarm səfərbər ediləcək. Onlardan səkkiz mini Paris və paytaxt ətrafında ictimai asayişə nəzarət edəcək.
Nunyes ötən mövsüm PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra Fransada baş verən zorakılıq hallarını xatırladıb.
Qeyd edək ki, 31 may 2025-ci ildə PSJ finalda “İnter”i 5:0 hesabı ilə məğlub etdikdən sonra ölkədəki tədbirlər zamanı iki nəfər ölüb, 192 nəfər xəsarət alıb, 500-dən çox insan saxlanılıb.
Fransa rəsmiləri bu dəfə oxşar hadisələrin təkrarlanmaması üçün polisə ictimai asayişin pozulması, vandalizm və hüquq-mühafizə əməkdaşlarına qarşı zorakılıq cəhdlərinə sərt reaksiya vermək tapşırığı veriblər.
Qeyd edək ki, PSJ - “Arsenal” finalı 30 mayda Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
