Sergen Yalçının ələ saldığı şəxs “Beşiktaş”da onun yerinə keçir - FOTO

29 May 2026 16:37
180
Sergen Yalçının ələ saldığı şəxs “Beşiktaş”da onun yerinə keçir - FOTO

Türkiyənin “Başakşəhər” futbol komandasının baş məşqçisi Nuri Şahinin “Beşiktaş”ın gündəminə gəldiyi bildirilir.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi Sergen Yalçınla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir. “Beşiktaş”ın ilk növbədə xarici mütəxəssislərlə danışıqlar apardığı, nəticə əldə olunmasa, yerli namizədlərə yönələcəyi bildirilir. Bu siyahıda Nuri Şahinin əsas variantlardan biri olduğu vurğulanır.

Məlumata görə, klub prezidenti Serdal Adalının xarici məşqçi variantları baş tutmasa, “Başakşəhər” rəhbəri Göksel Gümüşdağla Nuri Şahin üçün danışıq aparacağı iddia edilir. Bununla belə, “Başakşəhər”in 37 yaşlı mütəxəssislə 2025-ci ilin sentyabrında üçillik müqavilə imzaladığı da nəzərə alınmalıdır.

Nuri Şahinin “Beşiktaş”la adı hallanandan sonra onun Sergen Yalçınla yaşadığı əvvəlki polemika da yenidən gündəmə gəlib. Sergen Yalçın vaxtilə Şahinin “Borussiya

Dortmund”dakı məşqçilik karyerasını ələ salaraq onun böyük kluba bu qədər tez yüksəlməsini sorğulamışdı.

Daha sonra Nuri Şahin bu fikirlərə sakit cavab verərək əsas diqqətini futbola yönəltdiyini bildirib. O, “Beşiktaş”la oyundan sonra Sergen Yalçının sözlərinin onu motivasiya etmədiyini və yalnız işinə kökləndiyini söyləyib.

Qeyd edək ki, “Beşiktaş” Sergen Yalçınla müqavilənin 18 may 2026-cı ildə qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.

İdman.Biz