Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, F qrupunda mübarizə aparan komandamız İtaliya yığması ilə qarşılaşacaq. “Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirə qələbə ilə başlayıb. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv ilk turda Avstriya seçməsini 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu ikinci hissədə İsa Atayev vurub.
Bu nəticədən sonra millimiz üç xalla F qrupuna başçılıq edir. Azərbaycan yığması qrup mərhələsində son oyununu 30 mayda Fransa komandasına qarşı keçirəcək.
