Minifutbol millimizin baş məşqçisi: “Oyun çətin alındı, rəqibin yaxşı kollektivi var” - VİDEO

28 May 2026 17:32
136
Minifutbol millimizin baş məşqçisi: “Oyun çətin alındı, rəqibin yaxşı kollektivi var” - VİDEO

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandamızın Avropa çempionatının birinci oyununda Avstriya qarşı keçirdiyi matçı şərh edib.

İdman.Biz xəbər verir ki, Elşad Quliyev mətbuat konfransında bildirib ki, Avstriya komandası ilə qarşılaşma çətin alınıb.

“Əvvəla 28 May - Müstəqillik Günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Həmçinin komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq. Rəqib yaxşı kollektivdir. Ümid edirəm ki, növbəti görüşlərdə yaxşı nəticə qazanacaqlar” - mütəxəssis Avstriyaya qarşı keçirdikləri ilk görüşü şərh edərkən söyləyib.

E.Quliyev fikrinin davamında minifutbol yığmamızı çətin qrupa düşdüyünü də qeyd edib:

“Çətin qrupda yer almışıq. İtaliya seçməsi Fransa ilə görüşdə yaxşı oyun nümayiş etdirdi. Onlara qarşı tədbirlər alacağıq. Dünya çempionatında daha çox dəstəyimiz var idi. Azarkeşlərin tribunada olması oyunçulara daha çox motivasiya verir. Geniş heyətlə gəlmişik. Bu gün 10 futbolçudan istifadə etdik. Hər rəqib fərqli oyun göstərir. Tanımadığımız komandaya qarşı mübarizə aparmaq çətindir”.

Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyindəki ilk oyununda Avstriya seçməsini 1:0 hesabı ilə məğlub edib. Yığma mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.Biz