“Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Koul London klubunun rəhbərliyinə hücumçu Robert Levandovski və müdafiəçi Con Stounsa diqqət yetirməyi tövsiyə edib. Hər iki futbolçu bu yay azad agent statusu alacaq.
İdman.Biz xəbər verir ki, 44 yaşlı sabiq futbolçu bu barədə İngiltərə KİV-ə açıqlamasında danışıb.
Xatırladaq ki, 37 yaşlı hücumçu mövsümün sonunda “Barselona”dan ayrılır. 31 yaşlı müdafiəçi isə “Mançester Siti” ilə vidalaşacaq.
Co Koul “Çelsi”nin maliyyə vəziyyəti ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildirib:
“Biz “Çelsi”nin maliyyə vəziyyətinin necə olduğunu bilmirik. Buna görə də “bu futbolçunu alaq, digərini transfer edək” demək asandır. Ola bilsin ki, futbolçu satmalı olacağıq, bunu bilmirik.
Bir məsələdə isə tam əminik: komandaya böyük dəyişikliklər lazım deyil. Çünki üç il əvvəl etibar etdiyiniz gənc futbolçular elə həmin oyunçulardır. Sadəcə onların mənim son iki-üç ildə dediyim bir şeyə ehtiyacı var: yanlarında təcrübəli futbolçular olmalıdır. Elə insanlar ki, matç zamanı onlara kömək etsin, meydanda məsləhətlər versin, oyun anlayışlarını paylaşsın. Qurulmalı olan da məhz budur.
Hətta futbolçular satılacaqsa belə, elələri var ki, onsuz da əsas heyətə yaxın düşməyəcəklər. Amma buna qərarı mən yox, klub verməlidir. Bundan sonra isə Con Stouns və Robert Levandovski kimi futbolçuları dəvət etmək olar. Onlar azad agentdirlər və hər matçın hər dəqiqəsində oynamağa ehtiyac duymurlar. Amma qələbənin nə olduğunu bilirlər, klub mədəniyyətini anlayırlar, hələ də meydanda fayda verə və öz işlərini görə bilirlər. Belə olduqda digər futbolçular da komanda daxilində dəstək alırlar. Bu dəstək hər zaman yalnız məşqçilərdən gəlməməlidir”.
