Bəhlul Mustafazadə Çinə niyə gedib? - Atası AÇIQLADI

28 May 2026 16:21
155
Bəhlul Mustafazadə Çinə niyə gedib? - Atası AÇIQLADI

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin Çinə səfərinin transferlə bağlı olmadığı məlum olub.

Futbolçunun atası Ələmdar Mustafayev bildirib ki, qışda Çinin “Şençjen Penq Siti” klubundan rəsmi təklif alan Azərbaycan millisinin üzvünün səfərinin başqa bir klubla hər hansı əlaqəsi yoxdur.

“Bəhlul Çinə istirahət üçün gedib. Bunun transferlə heç bir əlaqəsi yoxdur. Beş gün vaxtı vardı, dincəlmək üçün oranı seçdi. Ona maraqlı idi, həm də rəngarəng ölkədir deyə, Çinə getdi”, deyə o futbolinfo.az-a açıqlamasında deyib.

Mustafayevin sözlərinə görə, 29 yaşlı müdafiəçi ölkə xaricindən gələn təkliflərə açıqdır:

“Hazırda rəsmi təklifi yoxdur. Amma legioner həyatı yaşamaq fikri var. Bu, onun arzusudur. Maddi tərəfi çox düşünmürük, əsas ona uyğun klub olmasıdır”.

Atası həmçinin “Qarabağ”ın Bəhlul Mustafazadəni buraxmaq məsələsinə də toxunub:

“Düzdür, Bəhlul “Qarabağ”a da lazımdır. Onun ayrılması çox inandırıcı görünmür. Çünki klubla müqaviləsi davam edir. Bəhlulu istəyən klub gərək müqavilə şərtlərini də yerinə yetirsin”.

Qeyd edək ki, Bəhlul Mustafazadənin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz