Xorvatiya millisinin və “Milan”ın yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını başa vurmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı futbolçu qərarını 2026-cı il dünya çempionatından sonra rəsmən açıqlayacaq. Mundial Modriçin karyerasındakı son turnir olacaq.
Luka peşəkar karyerasına 2002-ci ildə başlayıb. O, müxtəlif illərdə Zaqreb “Dinamo”su, “Tottenhem”, “Real Madrid”in formasını geyinib. Xorvatiyalı yarımmüdafiəçi klub və millidə ümumilikdə 1128 oyuna çıxıb. Hazırda Luka Modriç İtaliyanın "Milan" klubunda çıxış edir.
Modriç karyerası ərzində 33 titul qazanıb. O, “Real Madrid”ın heyətində altı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 2018-ci ildə isə “Qızıl top”a sahib çıxıb, həmçinin FIFA və UEFA versiyalarına görə ilin ən yaxşı futbolçusu seçilib. Həmin il Xorvatiya millisi ilə dünya çempionatının finalına qədər irəliləyib.
