“Mingəçevir” azarkeş sayında hamını qabaqladı

26 May 2026 13:34
195
“Mingəçevir” azarkeş sayında hamını qabaqladı

“Mingəçevir” futbol komandası Birinci Liqada 2025/26 mövsümündə azarkeş sayına görə rəqiblərini böyük fərqlə qabaqlayıb.

İdman.Biz xəbər verir ki, mövsüm ərzində Birinci Liqanın oyunlarını ümumilikdə 25 min 710 tamaşaçı izləyib. Nəticəsi ləğv olunan “Zaqatala” - MOİK matçı da nəzərə alınmaqla, baş tutan 135 görüşdə orta tamaşaçı sayı 190 olub.

Mövsümün ən çox izləyici toplayan qarşılaşması sonuncu - 27-ci turun “Mingəçevir” - “Səbail” oyunu olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha dörd dəfə tamaşaçı sayı 1000-ə çatıb. Maraqlıdır ki, bu oyunların hamısına “Mingəçevir” ev sahibliyi edib.

Komanda 14 ev oyununda 11 min 520 tamaşaçı toplayaraq bu göstəricidə rəqiblərindən xeyli aralanıb. Birinci Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi məhz “Mingəçevir”in payına düşür.

Orta tamaşaçı sayına görə “Zaqatala” ikinci pillədə qərarlaşıb. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” isə bu göstəricidə üçüncü olub.

İdman.Biz