“Qarabağ” futbol klubu transfer bazarında aktivliyini davam etdirir və klubun gündəmində daha bir legionerin olduğu ortaya çıxıb.
İdman.Biz Kipr mətbuatına istinadən xəbər verir ki, “Srvena Zvezda” klubunun hücumçusu Şavi Babika Ağdam klubunun maraq dairəsinə düşüb.
Məlumata görə, 25 yaşlı forvard mövsümün sonunda Serbiya klubundan ayrılmağa hazırlaşır. Çünki “Srvena Zvezda” Qabon millisinin üzvünü komandada saxlamağı düşünmür. Hazırda Türkiyədə “Fatih Karagümrük”ün heyətində icarə əsasında çıxış edən oyunçu böyük ehtimalla Serbiyaya qayıtmayacaq.
“Srvena Zvezda” Babikanı ucuz qiymətə satmağın əleyhinə deyil. Babika uğrunda mübarizədə “Qarabağ” tək deyil. Kiprin “Omoniya” və Yunanıstanın AEK klubu da futbolçunun durumunu yaxından izləyirlər.
Qeyd edək ki, onun serblərlə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Xatırladaq ki, “Qarabağ” son olaraq “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən isə Zakaria Savonu transfer edib.
