“Qarabağ” Premyer Liqada tribunaları ən çox dolduran komanda oldu

26 May 2026 10:58
150
“Qarabağ” Premyer Liqada tribunaları ən çox dolduran komanda oldu

Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında ən çox tamaşaçı toplayan komanda "Qarabağ" olub.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, mövsüm ərzində keçirilən oyunları ümumilikdə 285 min 778 azarkeş izləyib.

Nəticəsi ləğv edilən "İmişli" – "Sumqayıt" görüşü də nəzərə alınmaqla keçirilən 198 qarşılaşmada orta tamaşaçı göstəricisi 1443 nəfər təşkil edib.

Mövsümün ən çox izləyici toplayan oyunu XXVIII turun "Qarabağ" - "Sabah" matçı olub. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü 17 min 338 azarkeş tribunadan izləyib. Həmin komandaların eyni arenada XXII tur çərçivəsində baş tutan qarşılaşması isə ikinci pillədə qərarlaşıb. Martın 1-də keçirilən oyuna 10 min 361 tamaşaçı gəlib.

Ən çox azarkeş toplayan iki oyunun ev sahibi olan "Qarabağ" ümumi ev matçlarındakı tamaşaçı sayında da zirvədə yer alıb. Ağdam təmsilçisinin ev oyunlarını ümumilikdə 51 min 167 azarkeş izləyib. Komandanın orta göstəricisi 3010 nəfər olub.

Tamaşaçı sayına görə ikinci yeri "Neftçi" tutub. Bakı klubunun ev qarşılaşmalarını 44 min 693 azarkeş izləyib və orta göstərici 2793 olub. İlk üçlüyü isə 39 min 560 tamaşaçı və 2473 orta göstərici ilə "Sumqayıt" qapayıb.

Tamaşaçı sayına görə ilk beşlikdə həmçinin "Turan Tovuz" (34 min 550) və "Karvan-Yevlax" (27 min 380) qərarlaşıb. Ən aşağı göstərici isə "Araz-Naxçıvan"a məxsus olub – 3 min 720 tamaşaçı.

İdman.Biz