Tovuz şəhər stadionunun UEFA standartlarına uyğunlaşdırılması müzakirə edilib - FOTO

25 May 2026 20:56
151
Tovuz şəhər stadionunun UEFA standartlarına uyğunlaşdırılması müzakirə edilib

UEFA stadion inspektoru Skott Struthers, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov klubumuzun nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

İdman.Biz “Turan Tovuz” klubuna istinadən bildidir ki, 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub. Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionumuzda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

İdman.Biz