Toral Bayramov “Bursaspor”da Azərbaycan izini artırdı

26 May 2026 11:15
135
Toral Bayramov “Bursaspor”da Azərbaycan izini artırdı

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun Türkiyənin “Bursaspor” klubuna keçidi Bursa təmsilçisində çıxış edən yığma üzvlərimizi yenidən gündəmə gətirib.

İdman.Biz xəbər verir ki, “Bursaspor” 25 mayda Toral Bayramovla anlaşma əldə etdiyini açıqlayıb. Klub 2001-ci il təvəllüdlü futbolçunun əsasən müdafiənin sol cinahında çıxış etdiyini, Azərbaycan millisində 40 oyun keçirdiyini və 60-dan çox avrokubok matçında meydana çıxdığını qeyd edib.

Bayramova qədər də “Bursaspor”da Azərbaycan millisinin üzvləri forma geyiniblər. Onlardan biri Deniz Yılmaz olub. O, 2015/2016 və 2016/2017 mövsümlərində Bursa klubunun heyətində yer alıb. Deniz Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətinə məhz “Bursaspor” futbolçusu kimi çağırılıb.

Bu siyahıda Ozan Can Kökçü də var. O, 2017-ci ildə “Bursaspor”la müqavilə imzalayıb və Azərbaycan millisinin formasını geyinib. Futbolçu Bursa klubunda liqa matçına çıxmasa da, komandanın sistemində yer alıb.

Azərbaycan azarkeşlərinin daha yaxşı xatırladığı adlardan biri isə Namiq Ələsgərovdur. O, 2021/2022 mövsümündə “Bursaspor”da çıxış edib və həmin dönəmdə 32 oyunda altı qol vurub.

Ufuk Budak da eyni mövsümdə Bursa təmsilçisinin heyətində olub. Sol cinah müdafiəçisi 2021/2022 mövsümündə “Bursaspor”da bir oyuna çıxıb. O, Azərbaycan millisində də forma geyinən futbolçular sırasındadır.

Beləliklə, “Bursaspor” tarixində Azərbaycan millisi ilə bağlı əsas adlar Deniz Yılmaz, Ozan Can Kökçü, Namiq Ələsgərov, Ufuk Budak və Toral Bayramovdur. Bayramovun transferi isə bu xəttin yeni davamı kimi diqqət çəkir.

İdman.Biz