“Lorenzonun SOCAR sistemində çalışan atasının iş müqaviləsi həmin dövrdə başa çatırdı. Futbolçu ilə peşəkar anlaşma əldə olunması üçün onun Azərbaycanda ən azı daha bir il qalması vacib idi. Bu vəziyyəti nəzərə alaraq SOCAR-a müraciət etdim ki, atasının ölkədə qalmasına dəstək göstərsinlər. Sağ olsunlar, kömək etdilər və bunun nəticəsində Lorenzonun peşəkar müqavilə imzalayıb gələcəkdə də Azərbaycana xidmət etməsinə şərait yarandı”.
Bunu “Neftçi”nin sabiq vitse-prezidenti Elnur Eyvazov 2020-ci ilədək klubun aşağı yaş klublarından ibarət komandalarında çıxış etmiş Lorenzo Mezzotero barədə danışarkən deyib.

Hazırda 18 yaşında olan əslən italiyalı hücumçu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə dəvət edilib. O, 2024-cü ildən "Sampdoriya"nın aşağı yaş qruplarından ibarət (U-17 və U-19) komandalarında çıxış edir.
Eyvazov gənc forvardın Azərbaycan millisinə dəvət edilməsi üçün vaxtilə önəmli addım atdıqlarını xatırladıb.
"Bu addımın əsas məqsədi Lorenzonu Azərbaycan yığmasına qazandırmaq idi", - deyə o sportnet.az-a açıqlamasında bildirib.

Sabiq klub funksioneri bildirib ki, hələ o vaxtlar Lorenzonun gələcəkdə Azərbaycan millisinə gərəkli oyunçu olduğu qənaətinə gəliblər:
“Lorenzo həqiqətən də çox perspektivli, özündən yuxarı yaş qruplarında da özünü göstərməyi bacaran futbolçu idi. Çoxlu qol vuraraq, müvafiq yaş qrupları üzrə liqaların böyük top fərqi ilə bombardiri olurdu. Yadımdadır ki, rəhbərliyin bu məsələnin həllinə dəstək olmasından ötrü əlimdən gələni etmişdim”.
Eyvazovun sözlərinə görə, Lorenzonun atası ilə müqavilə uzadıldığı zaman tərəflər arasında həm də şifahi razılaşma əldə olunub.
“Onlar həqiqətən də ailəliklə Azərbaycanı və “Neftçi”ni çox sevirdilər. Atası həmin vaxt səmimi şəkildə söz verdi ki, nə olursa-olsun, vaxtı çatanda oğlu dəvət alarsa, ən azı bir mövsüm “Neftçi”də çıxış edəcək və Azərbaycan yığmasına da canla-başla gələcək.
Bunu bizim göstərdiyimiz zəhmətə hörmət və minnətdarlıq kimi ifadə etdi”, - deyə Eyvazov bildirib.
