"Azərbaycanın U-21 millisindən dəvət almaq mənim üçün böyük qürur mənbəyidir".
Bu sözləri Azərbaycanın U-21 millisinə cəlb olunan İtaliyanın "Sampdoriya" komandasının futbolçusu Lorenzo Mezzotero deyib.
İtaliya əsilli hücumçu Azərbaycan yığmasının formasını geyinəcəyinə görə böyük sevinc hissi keçirdiyini bildirib.
“Bu dəvətə görə çox xoşbəxt və həyəcanlıyam. Azərbaycanda altı il yaşamışam və bu ölkəni çox sevirəm. Buna görə də komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm”, deyə o AZƏRTAC-a açıqlamasında qeyd edib.
Gənc hücumçu əsas məqsədinin daim inkişaf etmək olduğunu söyləyib: “Hazırda bütün diqqətimi hər gün daha da yaxşılaşmağa yönəltmişəm. Çox çalışmaq, oyundan zövq almaq, komandanın qələbələrinə töhfə vermək və qollar vurmaq istəyirəm. Qalan uğurlar isə addım-addım gələcək”.
Oyunçu Azərbaycan millisinin şərəfini qorumağın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu komandanın formasını geyinmək böyük şərəfdir”.
Futbolçu İtaliya millisindən hər hansı təklif almadığını da vurğulayıb.
Məlumat üçün bildirək ki, Lorenzo Mezzotero “Neftçi” Futbol Akademiyasının yetirməsidir.
Qeyd edək ki, U-21 millisi mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
