Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı öncəsi hazırlıqlarını başa vurub. Komandanın baş məşqçisi Elşad Quliyev, futbolçu Ramiz Çovdarov və qapıçı Vəli Qafarov qarşıdakı turnirlə bağlı fikirlərini bölüşüblər.
İdman.Biz xəbər verir ki, baş məşqçi Elşad Quliyev hazırlıq prosesindən razı qaldığını bildirib:

“Təlim-məşq toplanışı yaxşı keçib. Komanda hazır vəziyyətdədir və hər şey qaydasındadır. İstədiyimiz şəkildə hazırlaşmışıq. Təmkin Xəlilzadə və Elvin Əlizadənin müəyyən zədə problemləri var. Amma onların yoxluğunun ciddi hiss olunacağına inanmıram. İlk məqsədimiz qrupdan uğurlu nəticə ilə çıxmaqdır. Dünya reytinqində birinci yerdəyik, buna görə də rəqiblərin bizə qarşı xüsusi motivasiya ilə çıxış edəcəklərini gözləyirik. Arxayınlıq yoxdur”.
Millinin futbolçusu Ramiz Çovdarov isə komandanın əsas hədəfinin azarkeşləri sevindirmək olduğunu vurğulayıb:

“Turnirə tam hazırıq. Dünya çempionu kimi Avropa çempionatına yollanırıq və istəyirik ki, burada da qızıl medal qazanaraq bizə dəstək olan azarkeşləri sevindirək. Dünya çempionu olmağımız rəqibləri daha da motivasiya edir. Hər kəs titul sahibini məğlub etmək istəyir. Bu da işimizi çətinləşdirir. Amma əlimizdən gələni etməyə hazırıq”.
Komandanın qapıçısı Vəli Qafarov da rəqiblərin ciddi hazırlaşdığını bildirib:

“Ölkə çempionatı bitən kimi hazırlıqlara başladıq, yoldaşlıq görüşləri keçirdik və müxtəlif turnirlərdə iştirak etdik. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik və hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də rəqiblərə qarşı xüsusi hazırlıq keçmişik. Dünya çempionatından sonra rəqiblərimiz də gücləniblər. Xüsusilə İtaliya və Fransa yığmaları inkişaf ediblər. Buna görə bütün rəqiblərdən təhlükə gözləyirik”.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək keçiriləcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.
