Nəriman Axundzadə komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib

25 May 2026 10:42
197
Nəriman Axundzadə komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib

"Major League Soccer" çərçivəsində ABŞ-nin “Kolumbus Kryu” futbol komandası növbəti tur oyununu keçirib. Komandada çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb.

İdman.Biz-in məlumatına görə, 15-ci turda “Kolumbus Kryu” doğma meydanda "Atlanta Yunayted" futbol klubunu 2:0 hesabı ilə məğlub edib.

Görüşdə qolları ev sahibinin heyətində Seku Tidianı Banqura və Dieqo Rossi vurublar. Banqura 24-cü dəqiqədə Mohamed Farsinin ötürməsindən sonra fərqlənib, Rossi isə ilk hissəyə əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb.

Nəriman Axundzadə matça ehtiyat oyunçular skamyasında başlayıb və baş məşqçinin etdiyi beş əvəzetməyə baxmayaraq, ona oyun imkanı verilməyib.

Qeyd edək ki, bu qarşılaşma “Kolumbus Kryu” üçün baş məşqçi Henrik Rüdstremlə yollar ayrıldıqdan sonra "Major League Soccer"də ilk oyun olub. Klub zəif mövsüm startına görə isveçli mütəxəssislə əməkdaşlığa son qoyub və komandanı müvəqqəti olaraq Loran Kurtoa idarə edir.

Bu qələbədən sonra “Kolumbus Kryu” 15 oyundan sonra 16 xal toplayaraq Şərq Konfransında (Eastern Conference) 10-cu yerə yüksəlib. Komanda dörd qələbə, dörd heç-heçə və yeddi məğlubiyyətlə çıxış edir.

İdman.Biz