İtaliyanın “Milan” futbol komandasının baş məşqçisi Massimiliano Alleqri komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsini şərh edib.
İdman.Biz xəbər verir ki, “rossoneri” Seriya A-nın sonuncu - 38-ci turunda öz meydanında “Kalyari”yə 1:2 hesabı ilə məğlub olub.
“Milan” oyuna yaxşı başlayıb və ikinci dəqiqədə hesabı açıb. Lakin komanda üstünlüyünü qoruya bilməyib və mövsümün həlledici görüşündə xal belə qazanmayıb. Nəticədə Milan təmsilçisi çempionatı beşinci pillədə başa vuraraq Çempionlar Liqasından kənarda qalıb və Avropa Liqasına vəsiqə əldə edib.
Alleqri komandasının bu çıxışını sərt qiymətləndirib:
“Bir mövsümdə evdə beş matç uduzursansa, zirvədə yer almağa layiq deyilsən. Oyuna yaxşı başladıq, amma sonra elə düşündük ki, məsələ artıq həll olunub. Buna görə də hər şey dağıldı. Komanda çox pis müdafiə olundu. “Atalanta” və “Udineze” ilə oyunlarda da oxşar vəziyyət yaşanıb. Bunu izah etmək çətindir”.
Təcrübəli mütəxəssis Çempionlar Liqasından kənarda qalmağın onu ciddi məyus etdiyini bildirib:
“Çempionlar Liqasına düşməmək çox qəzəbləndirir və məyus edir. Mövsümün ikinci yarısı uğursuz alındı - bizə psixoloji dayanıqlıq çatmadı. Amma futbolçulara iradım yoxdur. Turnir cədvəli yalan demir - layiq olduğumuzu aldıq”.
Qeyd edək ki, Seriya A-da Çempionlar Liqasına vəsiqələri “İnter”, “Napoli”, “Roma” və “Komo” qazanıb.
