İtaliyanın “Latsio” futbol komandasının hücumçusu Pedro Rodriqes Lionel Messini A Seriyasına dəvət etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”da birgə çıxış etdiyi keçmiş komanda yoldaşlarını “Latsio”ya gətirməyə çalışdığını etiraf edib.
“Mən Lionel Messini bura çağırmağa çalışdım, amma bu, əlbəttə, o qədər də asan deyildi. Jordi Alba və David de Xeanı da dəvət etməyə cəhd etdim. Hətta Mark Bartra bir vaxtlar “Latsio”ya keçməyi düşünürdü. Onlar Mauritsio Sarri ilə danışmışdılar”, - deyə Pedro bildirib.
Xatırladaq ki, Pedro və Messi “Barselona”da Pep Qvardiolanın rəhbərliyi altında uğurlu dövr keçiriblər. Həmin komanda həm İspaniyada, həm də Avropada böyük titullar qazanıb.
Qeyd edək ki, Messi karyerasını Şimali Amerikada - ABŞ-nin “İnter Mayami” futbol komandasında davam etdirir.
