UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün ümumi mərhələsinə birbaşa vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
İdman.Biz xəbər verir ki, artıq 29 klub turnirdə iştirak hüququnu təmin edib.
Son iki birbaşa vəsiqəni İtaliya təmsilçiləri “Roma” və “Komo” əldə edib. Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo”nun Avropanın əsas klub turnirinə yüksələcəyini çox az adam gözləyirdi. Lakin “Milan”ın evdə “Kalyari”yə 1:2 hesabı ilə məğlub olması komandaya A Seriyasını ilk “dördlük”də başa vurmağa imkan verib.
Çempionlar Liqasının ümumi mərhələsinə yüksələn komandalar
İspaniya: “Barselon”a, “Real Madrid”, “Vilyarreal, “Atletiko”, “Betis”;
Almaniya: “Bavariya”, “Borussiya Dortmund”, “RB Leyptsiq”, “Ştutqart”;
İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”;
Fransa: PSJ, “Lans”, “Lill”;
İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”;
Portuqaliya: “Sportinq”, “Portu”;
Niderland: PSV, “Feyenoord”;
Türkiyə: “Qalatasaray”;
Ukrayna: “Şaxtyor”;
Çexiya: “Slaviya”;
Belçika: “Brügge”.
Çempionlar Liqasının qalan son 7 iştirakçısı isə avqustun sonunda keçiriləcək təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, hazırkı mövsümün finalında PSJ ilə "Arsenal" üz-üzə gələcək. Həlledici qarşılaşma 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena" stadionunda keçiriləcək.
