İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Qavi PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın oyununu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu “Mundo Deportivo”nun testində bir neçə tanınmış oyunçu arasında seçim edib. Qaviyə müxtəlif futbolçuların adları təqdim olunub və ondan onların Kvaratsxeliyadan üstün olub-olmadığını deməsi istənilib.
Qavi Kvaratsxeliyanı “Bavariya”dan Maykl Olise, Luis Dias və Camal Musialadan, “Atletiko”dan Ademola Lukmandan, “Çelsi”dən Alexandro Qarnaço və Joao Pedrodan, “Atletik”dən Niko Uilyamsdan, “Real Madrid”dən Vinisius Juniordan, eləcə də “Arsenal”dan Bukayo Sakadan üstün sayıb.
Bununla belə, “Barselona”nın yarımmüdafiəçisi PSJ-nin digər hücumçusu Usman Dembeleni hazırkı məqamda Kvaratsxeliyadan daha yaxşı hesab edib.
Qeyd edək ki, PSJ 30 mayda Çempionlar Liqasının finalında “Arsenal”la qarşılaşacaq. Paris klubunun hücum xəttində həm Dembele, həm də Kvaratsxeliya əsas fiqurlar sırasında göstərilir.
