“Çelsi” və “Siti” məğlub oldu, “Arsenal” və “Mançester Yunayted” qələbə qazandı - YENİLƏNİB + VİDEO

24 May 2026 21:48
279
“Çelsi” və “Siti” məğlub oldu, “Arsenal” və “Mançester Yunayted” qələbə qazandı - YENİLƏNİB + VİDEO

İngiltərənin “Mançester Siti” futbol komandası Premyer Liqanın 2025/2026 mövsümünün 38-ci turunda “Aston Villa”ya 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma Mançesterdəki “Etihad” stadionunda keçirilib.

“Mançester Siti” 23-cü dəqiqədə hesabı açıb. Antuan Semenyo fərqlənərək “şəhərlilər”i önə keçirib.

İkinci hissədə “Aston Villa” dönüş edə bilib. 47-ci dəqiqədə Olli Uotkins tarazlığı bərpa edib. 63-cü dəqiqədə isə ingiltərəli hücumçu dublunu rəsmiləşdirərək Birmingem təmsilçisinə qələbə qazandırıb.

Bu matç “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında son oyunu kimi yadda qalıb.

Mövsümün yekununda “Mançester Siti” 78 xalla ikinci yeri tutub. “Aston Villa” isə 65 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.

21:38

Futbol üzrə İngiltərə Premyer Liqasının 38-ci turunda “Liverpul” doğma meydanda “Brentford”la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, görüş Liverpuldakı “Enfild” stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Darren İnqlend olub.

Mersisayd təmsilçisi 58-ci dəqiqədə hesabı açıb. Körtis Cons fərqlənərək “Liverpul”u önə keçirib. Lakin 64-cü dəqiqədə Kevin Şade qonaqların cavab qolunu vurub və matçda yekun hesabı müəyyənləşdirib - 1:1.

Bu nəticədən sonra “Liverpul” mövsümü 38 oyuna 60 xalla beşinci pillədə başa vurub. “Brentford” isə 53 xalla doqquzuncu yeri tutub.

21:26

Futbol üzrə İngiltərə Premyer Liqasının 38-ci turunda “Mançester Yunayted” səfərdə “Brayton”a 3:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted” hesabı 33-cü dəqiqədə açıb. Patrik Dorqu Bruno Fernandesin ötürməsindən sonra fərqlənib. 44-cü dəqiqədə Brayan Mbemo komandasının ikinci qolunu vurub. 48-ci dəqiqədə isə Fernandes yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra “Mançester Yunayted” mövsümü 71 xalla üçüncü pillədə başa vurub. “Brayton” isə 53 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, Bruno Fernandes bu oyunda Premyer Liqa tarixində yeni rekorda da imza atıb. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 21-ci məhsuldar ötürməsini edərək Tyerri Anri və Kevin de Bröynenin 20 assistlik göstəricisini geridə qoyub.

21:20

İngiltərənin “Çelsi” futbol komandası Premyer Liqanın 38-ci turunda “Sanderlend”ə 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, görüş “Sanderlend”dəki “Stadium of Light” arenasında keçirilib.

Meydan sahibləri 25-ci dəqiqədə hesabı açıblar. Tray Hyum “Sanderlend”i önə keçirib. 50-ci dəqiqədə Malo Qustonun avtoqolu meydan sahiblərinin üstünlüyünü artırıb. “Çelsi”nin yeganə qolunu 56-cı dəqiqədə Koul Palmer vurub. 62-ci dəqiqədə isə Uesli Fofana ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Sanderlend” mövsümü 54 xalla yeddinci pillədə başa vurub. “Çelsi” isə 52 xalla 10-cu sırada qərarlaşıb və növbəti mövsüm avrokuboklarda iştirak hüququ qazana bilməyib.

Qeyd edək ki, Premyer Liqada son tur ərəfəsində yeddinci və səkkizinci yerlər müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasına vəsiqə verirdi. “Çelsi” məğlubiyyət səbəbindən bu şansı əldən verib.

21:15

İngiltərənin “Tottenhem” futbol komandası Premyer Liqanın 2025/2026 mövsümünün son turunda “Everton”u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, 38-ci turun görüşü Londondakı “Tottenhem Hotspur” stadionunda keçirilib. Matçın taleyini bir qol həll edib. 43-cü dəqiqədə Joao Palinya fərqlənərək meydan sahiblərinə vacib qələbə qazandırıb.

Bu nəticə “Tottenhem” üçün Premyer Liqada qalmaq baxımından həlledici olub. London klubu mövsümü 38 oyuna 41 xalla 17-ci pillədə başa vurub və təhlükəli zonadan iki xal yuxarıda qərarlaşıb.

“Everton” isə mövsümü 49 xalla 13-cü sırada tamamlayıb.

21:10

Futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda “Arsenal” səfərdə “Kristal Palas”a 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, görüş Londondakı “Selhurst Park” stadionunda keçirilib. Matçın baş hakimi Faray Hallam olub.

“Arsenal”ın ilk qolunu 42-ci dəqiqədə Qabriel Jezus vurub. 48-ci dəqiqədə Noni Madueke fərqi iki topa çatdırıb. Meydan sahiblərinin yeganə qoluna isə 88-ci dəqiqədə Jan-Filipp Mateta imza atıb.

Bu nəticədən sonra “Arsenal” mövsümü 38 oyuna 85 xalla birinci pillədə başa vurub. “Kristal Palas” isə 45 xalla 15-ci yeri tutub.

Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin edib. London təmsilçisi 22 illik fasilədən sonra ölkə çempionu olub.

Paralel keçən “Börnli” - “Vulverhempton”“Nottingem Forest” - “Bornmut” oyununda qalib müəyyənləşməyib. Hər iki oyun 1:1 hesabı ilə bitib.

“Fulhem” - “Nyukasl” oyununda ev sahibləri 2:0 hesablı qalibiyyətə seviniblər.

“Vest Hem” - “Lids Yunayted” oyununda isə qonaqlar 3:0 hesablı məğlubiyyətlə barışmalı olublar.

İdman.Biz