Portuqaliyanın “Benfika” futbol komandasının argentinalı cinah oyunçusu Canluka Prestianni “Flamenqo” ilə yoldaşlıq görüşündə ciddi təzyiqlə üzləşib.
İdman.Biz xəbər verir ki, iyulun 11-də Portuqaliyadakı Alqarve stadionunda keçirilən qarşılaşma Braziliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Prestianni topa hər toxunduqda tribunadakı “Flamenqo” azarkeşləri tərəfindən fitə basılıb. Görüş zamanı ona qarşı bir neçə sərt müdaxilə edilib. Təxminən 30-cu dəqiqədə argentinalı futbolçuya edilən sərt müdaxilə azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Tribunadan “Flamenqo”nun yetirməsi və azarkeşlərin sevimlisi olan Vinisius Juniorun lehinə şüarlar da səsləndirilib.
Hadisələrin səbəbi Prestianninin fevralın 17-də Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”lə keçirilən oyunda Vinisius Juniorla yaşadığı qalmaqal olub. Braziliyalı futbolçu rəqibinin ona qarşı irqçi ifadə işlətdiyini və “meymun” dediyini bildirib.
Prestianni irqçi ifadə işlətmədiyini açıqlayıb. O, Vinisiusu təhqir edərkən homofob məzmunlu ifadədən istifadə etdiyini etiraf edib.
UEFA-nın araşdırması zamanı irqçi ifadə ilə bağlı ittiham təsdiqini tapmayıb. Buna baxmayaraq, qurum aprelin 24-də Prestiannini homofob davranışa görə altı oyunluq cəzalandırıb. Cəzanın üç oyunu iki illik sınaq müddəti ilə şərti tətbiq edilib. Futbolçu bir oyunluq cəzanı daha əvvəl çəkdiyindən onun dərhal buraxmalı olduğu görüşlərin sayı iki olub.
Beləliklə, UEFA-nın qərarından təxminən üç ay sonra Prestianni Vinisius Juniorun peşəkar karyerasına başladığı “Flamenqo”nun azarkeşləri qarşısında qalmaqalın fəsadları ilə üzləşib.
