Futbol üzrə DÇ-2026-nın dörddəbir finalında Norveç - İngiltərə qarşılaşmasının ilk hissəsinə əlavə olunmuş dəqiqələr gedirdi. Norveç millisinin qapıçısı Öryan Nylandın oyuna daxil etdiyi top havada qəribə trayektoriya aldı, İngiltərə futbolçularının qarşısına düşdü və hücum Cud Bellinqemin bərabərlik qolu ilə tamamlandı. Norveç tərəfi topun stadionun üzərində hərəkət edən kameranı saxlayan kabelə toxunduğunu iddia etdi. Hakim oyunu dayandırmadı, VAR qərarı dəyişmədi, qol qüvvədə qaldı və İngiltərə əlavə vaxtda 2:1 hesablı qələbə qazandı. FIFA da daha sonra topun daxilindəki “Connected Ball” sensorunun məlumatlarını əsas gətirərək kabelə toxunuşu göstərən hər hansı siqnalın qeydə alınmadığını açıqladı.
İdman.Biz Bellinqem epizodundan başlayaraq DÇ-2026-dakı əsas VAR mübahisələrini, video hakimliyin dünya futboluna gətirdiyi yenilikləri və Azərbaycan çempionatındakı vəziyyəti təhlil edir.
Kabel epizodunda VAR qərarı niyə dəyişmədi?
Bellinqemin qolundan əvvəl baş verən hadisə adi qayda pozuntusu deyildi. Söhbət futbolçunun əlindən, ofsayddan və ya rəqibə qarşı kobudluqdan yox, oyunun keçirildiyi texniki infrastrukturun topa mümkün müdaxiləsindən gedirdi.
VAR qolun yaranmasına gətirən hücum mərhələsində baş vermiş qayda pozuntusunu, topun meydanı tərk etməsini və digər həlledici faktları yoxlaya bilər. Lakin bu epizodda görüntülər kabelə toxunuşla bağlı qəti sübut vermədi, topun sensoru isə təmas qeydə almadı.
VAR-ın hüquqi sərhədi haradan keçir?
VAR-ın ilkin fəlsəfəsi meydandakı hakimin bütün qərarlarını yenidən qiymətləndirmək yox, matçın nəticəsinə birbaşa təsir edən “açıq-aşkar səhvi” və ya “ciddi şəkildə nəzərdən qaçırılmış hadisəni” düzəltməkdir.
Sistem əsasən qol və ya qolun ləğvi, penalti və ya penalti verilməməsi, birbaşa qırmızı vərəqə və səhv oyunçunun cəzalandırılması hallarına müdaxilə edir. Yeni qaydalarla açıq-aşkar səhv ikinci sarı vərəqə və yarışın seçimindən asılı olaraq yanlış təyin edilmiş künc zərbəsi də VAR-ın səlahiyyət dairəsinə əlavə olunub.
Burada “yoxlama” ilə “müdaxilə”ni ayırmaq vacibdir. Hər potensial qol, penalti, birbaşa qırmızı vərəqə və oyunçunun səhv müəyyənləşdirilməsi avtomatik şəkildə yoxlanılır. Lakin yalnız VAR mümkün ciddi səhv aşkar etdikdə hakimlə əlaqə saxlayır və qərarın dəyişdirilməsi prosesi başlayır. Buna görə bir mövsümdə yüzlərlə səssiz yoxlama aparılsa da, rəsmi müdaxilələrin sayı daha az olur.
DÇ-2026-nın VAR dosyesi
DÇ-2026-nın 1/16 finalında Xorvatiya – Portuqaliya (1:2) oyunundakı saç toxunuşuna görə qolun VAR tərəfindən ləğv edilməsi hələ də müzakirə olunur. Topdakı sensor onun İqor Matanoviçə çox zəif şəkildə, ehtimalən saçından toxunduğunu göstərdi.
Qərar texniki baxımdan dəqiq ola bilərdi. Ancaq bu epizod futbolun yeni paradoksunu ortaya çıxardı: insanın görmədiyi və oyunun gedişinə hiss ediləcək təsir göstərməyən təmas belə nəticəni dəyişə bilir.
Misir-Argentina: VAR hücumu nə qədər geriyə qaytara bilər?
Misirin Argentina ilə 1/8 final matçında Mostafa Zikonun 62-ci dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra ləğv edildi. Səbəb qolun özündə deyil, hücumun daha əvvəlki mərhələsində Misir futbolçusunun etdiyi qayda pozuntusunda idi. Epizod meydanın digər hissəsində baş verdiyindən qərar ciddi narazılıq yaratdı.
FIFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina hücum mərhələsinin müddəti və qapıdan məsafəsi üçün dəqiq limit olmadığını, hakim qayda pozuntusunu görməyibsə, VAR-ın müdaxilə edə biləcəyini bildirdi. Misirin matçın sonlarında penalti tələbi isə qəbul olunmadı. Bundan dərhal sonra Argentina əks-hücuma keçərək 92-ci dəqiqədə qalibiyyət qolunu vurdu.
Buradakı problem VAR-ın qayda pozuntusunu görməsi deyildi. Mübahisəni yaradan eyni matçda bir epizod üçün hücumun xeyli əvvəlinə qayıdılması, digər potensial penalti vəziyyətində isə müdaxilə həddinin yüksək saxlanılması idi. VAR ardıcıllıq təsəvvürü yaratmadıqda doğru qərar belə tərəflərdən birinə seçici münasibət kimi görünür.
Almaniya-Paraqvay: minimal təmas, maksimal nəticə
Almaniya-Paraqvay qarşılaşmasının əlavə vaxtında Conatan Ta baş zərbəsi ilə topu qapıya göndərdi. Lakin VAR Valdemar Antonun Paraqvay qapıçısı Orlando Gilli zəif təmasla itələdiyini müəyyənləşdirdi və qol ləğv edildi. Almaniya daha sonra penaltilər seriyasında məğlub olaraq mundialla vidalaşdı.
FIFA qərarı müdafiə etdi. Kollinanın izahına görə, hücumçu topa oynamaq niyyəti olmadan qapıçının hərəkətinə mane olursa, təmasın gücü az olsa belə, bu, qayda pozuntusu kimi qiymətləndirilməlidir.
Argentina-İsveçrə: səhv oyunçuya verilən kartın böyük nəticəsi
Argentina-İsveçrə 1/4 finalında Leandro Paredes Breel Emboloya qarşı qayda pozuntusuna görə sarı vərəqə aldı. Təkrarlar Embolonun təmasdan əvvəl yıxılmağa başladığını göstərdi. VAR səhv oyunçunun cəzalandırılması protokolunu işə saldı, Paredesin kartı ləğv edildi və sarı vərəqə Emboloya verildi.
İsveçrəli hücumçunun daha əvvəl sarı vərəqəsi olduğundan o, meydandan qovuldu. İsveçrə on nəfərlə əlavə vaxta qədər mübarizə aparsa da, 1:3 hesabı ilə uduzdu.
Burada VAR faktiki olaraq səhv oyunçunun cəzalandırılmasının qarşısını aldı. Yəni sistem öz funksiyasını yerinə yetirdi. Lakin texniki cəhətdən düzgün düzəlişin nəticəsi bir komandanın say üstünlüyünü itirməsi və oyunun tamamilə dəyişməsi oldu. Bu da “doğru qərarın” hər zaman mübahisəni bitirmədiyini göstərir.
VAR dünya futboluna hansı yenilikləri gətirdi?
VAR-ın ən böyük müsbət təsiri nəticəyə birbaşa təsir edən kobud hakim səhvlərinin azalmasıdır. Əvvəllər görünməyən əl ilə oyun, gizli kobudluq və açıq ofsayd qərarı matç başa çatdıqdan sonra yalnız müzakirə mövzusu olurdu.
Hakimin bir rakursdan və real sürətlə gördüyü hadisəyə müxtəlif kamera bucaqlarından baxmaq, təmas nöqtəsini, futbolçuların mövqeyini və topun meydanı tərk edib-etmədiyini müəyyənləşdirmək olur. Həmçinin hakimdən gizli baş verən zorakı hərəkətlərin, dirsək zərbələrinin və cərimə meydançasında formasından dartmanın kameralar vasitəsilə aşkarlanması ehtimalı futbolçular üçün əlavə çəkindirici amildir.
Azərbaycan futbolunda VAR: düzgün düzəlişlər və yanlış hakim qərarları
Bir neçə ildir Azərbaycan futbolunda da VAR tətbiqinə başlanılıb. İlk gündən mühüm səhvləri düzəldib, bəzən isə mübahisələri kəsə bilməyib. İdman.Biz Premyer Liqa matçlarında son turların oyunlarındakı VAR qərarlarına diqqət yetirib.
2025/26 mövsümünün 30 və 31-ci turlarında keçirilmiş oyunlarda mübahisəli epizodlardan 12-si əl ilə oyuna görə olub. AFFA Hakimlər Komitəsi həmin epizodlar üzrə VAR tərəfindən doğru qərarlar verildiyini təsdiqləyib.
Amma 27-ci turda keçirilən “Sabah” - “Zirə” oyunu ilə bağlı bunu söyləmək olmaz. Həmin oyunda “Zirə”nin oyunçusu rəqiblə mübarizə zamanı yerdə qalır və hakim davam işarəsi verir. VAR mümkün penalti epizodunu yoxlayır və müdaxilənin cərimə meydançasından kənarda baş verdiyini bildirir, FIFA referisi Tural Qurbanovun qərarına müdaxilə olunmur. Lakin oyunu analiz edən Hakimlər Komitəsi belə düşünmür: həmin epizodda cərimə zərbəsi verilməli və hücumun qarşısını kəsdiyi üçün “Sabah”ın oyunçusuna sari vərəqə göstərilməli idi.
26-cı turda da bir qədər fərqli mənzərə ortaya çıxıb. Belə ki, “Sumqayıt” - “Neftçi” oyununda baş hakim Kamal Umudlunun, “Zirə” - “Şamaxı” matçında isə Elçin Məsiyevin bir epizodda yanlış qərarlar verdiyi məlum olub. Kamal Umudlu “Sumqayıt”ın qapısına yanlış penalti qərarı verib. “Zirə” - “Şamaxı” oyununda isə hakim qəsəbə təmsilçisinin oyunçusuna sarı vərəqə göstərməli olduğu halda bunu etməyib.
Eyni zamanda Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” - “Zirə” oyunundakı mübahisəli epizodlarla bağlı ziddiyətli fikirlər var. FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyi təsdiqlənib. Bu səhvlərin hər ikisi verilməyən penaltidir.
Nəticə: VAR həqiqət maşını deyil
VAR dünya futbolunu əvvəlki dövrə qaytarmayacaq qədər mühüm yenilikdir. Sistem açıq ofsaydları, görünməyən kobudluqları, səhv penaltiləri və yanlış qırmızı vərəqələri düzəldərək çoxsaylı matçların daha ədalətli nəticələnməsinə kömək edib.
Lakin VAR mübahisələri aradan qaldırmayıb, sadəcə onların məzmununu dəyişib. Əvvəllər “hakim epizodu niyə görmədi?” sualı verilirdisə, indi “VAR niyə burada müdaxilə etdi, oxşar vəziyyətdə isə etmədi?” sualı yaranır.
Bellinqemin qolundan əvvəlki kabel epizodu bu dəyişikliyin ən aydın nümunəsidir. İnsan gözü mümkün toxunuş görür, sensor təması təsdiqləmir, VAR meydandakı qərarı saxlayır, lakin mübahisə bitmir. Deməli, daha çox kamera və daha həssas sensor təkbaşına etimad yaratmır.
