Azər Məmmədov: “Hər oyunda qalibiyyət uğrunda mübarizə aparacağıq”

14 İyul 2026 14:04
108
Azər Məmmədov: “Hər oyunda qalibiyyət uğrunda mübarizə aparacağıq”

“Hazırlıq plan üzrə davam edir. Komanda təlim-məşq toplanışında həm fiziki, həm də taktiki baxımdan üzərində ciddi işləyir”.

Bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib.

Təcrübəli mütəxəssis komandasının hazırlıq prosesindən və yeni mövsüm üçün qarşıya qoyulan məqsədlərdən danışıb.

“Futbolçuların məşqlərə münasibətindən razıyam. Qarşıdakı yoxlama oyunları vasitəsilə komandamızın hazırkı vəziyyətini daha dəqiq qiymətləndirəcək və yeni mövsümə maksimum hazır olmağa çalışacağıq. Heyətimizi gücləndirmək üçün bir neçə mövqedə futbolçularla maraqlanırıq. Əsasən də hücum mövqeyini. Məqsədimiz sadəcə say çoxluğu yaratmaq deyil, komandaya real fayda verəcək, oyun fəlsəfəmizə uyğun futbolçuları heyətə cəlb etməkdir. Seleksiya prosesi davam edir və yaxın zamanda bu istiqamətdə yeniliklər olacaq. Kəpəz köklü klubdur və biz bunun məsuliyyətini dərk edirik. Əsas məqsədimiz rəqabətədavamlı komanda formalaşdırmaq, hər oyunda qalibiyyət uğrunda mübarizə aparmaq və azarkeşlərimizi sevindirən futbol nümayiş etdirməkdir. Mövsüm ərzində sabit çıxış edərək mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparmaq istəyirik”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Məmmədov məşqçilik karyerası ərzində artıq bir dəfə - 2023-cü ilin iyul ayından noyabrına qədər Gəncə klubunun baş məşqçisi vəzifəsində çalışıb.

İdman.Biz