Ayxan Abbasov: “Elvin Cəfərquliyev kimi futbolçunu itirə bilmərik”

24 May 2026 19:17
113
Ayxan Abbasov: “Elvin Cəfərquliyev kimi futbolçunu itirə bilmərik”

Yığmamızın baş məşqçisi Ayxan Abbasov qarşıdakı toplanış üçün millinin heyətini açıqlayıb. Siyahıda Elvin Cəfərquliyevin də yer alması bir qədər təəccüblə qarşılanıb. Klubunda oynamayan, intizamsızlığa görə əvəzedici heyətə göndərilən Cəfərquliyevin milliyə çağırılması müzakirələrə səbəb olub.

İdma.Biz sportal.az-a istinadən xəbər verir ki, məsələylə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

“O, bu mövsüm həm Çempionlar Liqasında, həm də millinin heyətində ən yaxşılardan idi. ÇL-də ən yaxşı seçilənlərdən olub, millidə “FIFA Series”də ən yaxşı seçilib. “Qarabağ”ı başa düşürük, klub haqlıdır. Çünki futbolçunun nizam-intizamlı olması hər şeydən vacibdir. Amma biz belə yanaşdıq ki, Elvin Cəfərquliyev kimi futbolçunu itirə bilmərik, onun kimi neçə oyunçumuz var. Son ay Elvinin özü üçün də çox çətin oldu. Əvəzedici heyətdə çıxış etsə də, onu nəzarətdə saxlayırdıq ki, formasını itirməsin”, - deyə baş bəşqçi vurğulayıb.

Ayxan Abbasov əminliklə bildirib ki, Cəfərquliyev özünə yeni klub tapacaq:

“Elvin Cəfərquliyev böyük çempionatlarda oynaya biləcək futbolçudur. Bəlkə də onu izləyən klublar üçün Elvinin milliyə çağırılıb-çağırılmayacağı çox maraqlıdır. İnanıram ki, Elvin etdiyi səhvlərdən nəticə çıxarıb daha yaxşı olacaq.

Milli üzvləri ayın 28-nə qədər fərdi proqramla məşq edəcəklər, sonra yığmanın düşərgəsinə qoşulacaqlar. Elvini daha yaxşı hazırlamağımız üçün vaxtımız var. Ümid edirəm ki, qarşıdakı Malta və San Marino ilə yoxlama matçlarında millimizə kömək edəcək”.

İdman.Biz