Azərbaycan futbolunda müasir texnologiyaların tətbiqi istiqamətində “Eyeball” analitik platformasının istifadəsi genişləndirilir.
İdman.Biz xəbər verir ki, AFFA tərəfindən həyata keçirilən layihə həm kişi, həm də qadın futbolunu əhatə edir. Sistemə U-15, U-16, U-17, Gənclər və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları daxil edilib.
Layihənin əsas məqsədi Azərbaycan futbolunda analitik yanaşmanı inkişaf etdirmək, məşqçilər və klublar üçün daha geniş məlumat bazası formalaşdırmaq, həmçinin gənc futbolçuların inkişaf prosesini daha yaxından izləməkdir.
“Eyeball” platforması üzrə ikinci mərhələ artıq başa çatdırılıb. Bu müddətdə 75-dən çox oyun sistem üzərindən analiz olunub. İkinci mərhələ çərçivəsində region klubları olan “Şamaxı”, “Qəbələ”, “Turan Tovuz” və “Kəpəz” VEO kameraları və platformaya giriş imkanları ilə təmin edilib.
Klub nümayəndələri və məşqçi heyətləri ilə görüşlər keçirilib, onlara platformanın istifadəsi, texniki imkanları və iş prinsipi barədə ətraflı məlumat verilib.
Layihə çərçivəsində klublar üçün əlavə imkan da yaradılıb. Bundan sonra komandalar yalnız oyunlarını deyil, məşq proseslərini də VEO kameraları vasitəsilə qeydə ala biləcəklər. Bu, məşqçilərə hazırlıq prosesini daha detallı təhlil etmək, taktiki iş üzərində çalışmaq və futbolçuların inkişaf dinamikasını daha dəqiq izləmək imkanı verəcək.
Növbəti mövsümdən aşağı yaş qruplarında çıxış edən bütün klubların oyunları tam şəkildə çəkilərək “Eyeball” platformasına yüklənəcək və analiz olunacaq. Bu addım ölkə futbolunda vahid video və analitik bazanın yaradılması, eləcə də klublar üçün texnoloji imkanların artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
