İspaniya La Liqasının prezidenti Xavier Tebas növbəti mövsümdən etibarən İspaniya futbolunda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün süni intellektin tətbiq ediləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, o bu barədə “Marca” nəşrinə açıqlamasında danışıb.
“Biz hakimlikdə süni intellekti tətbiq edəcəyik. İki əsas istiqamət olacaq.Birincisi - hakimlərin fəaliyyətinin qiymətləndirilməsi. Hər oyundan sonra Hakimlər üzrə Texniki Komitə (CTA) müxtəlif aspektləri dəyərləndirən müşahidəçilərdən istifadə edir. Söhbət 30 müxtəlif meyardan gedir. Hazırda bunu insanlar edir, 20 fərqli hakim üçün 30 müşahidəçi var. Süni intellekt vasitəsilə elə bir alət yaradırıq ki, qərarların ən azı 40 faizi obyektiv şəkildə süni intellektin köməyi ilə qəbul olunsun. Bütün matçlar əsasında sistem və alqoritmlər formalaşdırılır. Süni intellekt hər şeyi analiz edəcək və hakimin hansı məqamlarda düzgün qərar verdiyini göstərəcək. Biz prosesi daha obyektiv edirik.
Bundan əlavə, bu sistem hakim təyinatları ilə də əlaqəli olacaq. Süni intellekt vasitəsilə komitəyə oyun üçün üç hakim namizədi təqdim olunacaq. Mən insan zəkasına inanıram, amma elə məqamlar var ki, orada süni intellekt kömək etməlidir”, - deyə Tebas açıqlamasında bildirib.
