2016/2017-ci il mövsümündə Bakının “İnter” klubunun heyətində futbol üzrə Azərbaycan çempionatının bombardiri olmuş Rauf Əliyev hazırda “Sabah”ın heyətində 19 qolla çempionatımızın ən sərrast futbolçusu Coy-Lens Mikelsin üstün tərəflərini sadalayıb.
İdman.Biz-ə açıqlama verən Rauf Əliyev Mikelsin stabil hücumçu olmasını xüsusi vurğulayıb.
“Mikels daim formadadır və stabil olaraq komandaya xeyir verir. Təbii ki, hücumçudan tələb olunan qol vurmaqdır və “Sabah”ın forvardı üzərinə düşəni icra edir” - deyə Rauf Əliyev qeyd edib.
Millimizin sabiq forvardı Mikelsin hər iki ayağı ilə yaxşı oynaya bilməsini də yüksək qiymətləndirib:
“Mikels istər sol, istər sağ ayağı, eyni zamanda hava toplarında başla çox yaxşı oynayır. Demək olar ki, bir hücumçuya lazım olan bütün keyfiyyətlər Mikelsdə cəmləşir”.
Rauf Əliyev başqa klubların Mikels kimi hücumçuya daim maraq göstərməsini də təbii qiymətləndirib:
“Düşünürəm ki, Mikels “Sabah”da karyerasını davam etdirəcək. Hətta xatırlayıram ki, bir dəfə “Sabah”ı tərk etsə də, qısa müddət sonra geri döndü. Hesab edirəm ki, “Mikels” hazırkı klubunda çıxışını davam etdirəcək”.
