ABŞ-nin “Kolumbus Kryu” futbol komandasının azərbaycanlı hücumçusu Nəriman Axundzadə ABŞ Açıq Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, “Kolumbus Kryu” dörddəbir final mərhələsində “Nyu-York Siti” futbol komandasını 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Oyunun taleyini həll edən qol 59-cu dəqiqədə Maks Arfsten tərəfindən vurulub.
Hücumun hazırlanmasında əsas rolu Nariman Axundzadə oynayıb. Azərbaycan millisinin futbolçusu qolla nəticələnən epizodda assist müəllifi olub və komandasının kubokdakı uğuruna birbaşa töhfə verib.
Bu qələbədən sonra “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda mübarizəni yarımfinal mərhələsində davam etdirəcək.
Qeyd edək ki, ABŞ Açıq Kubokunun yarımfinalında “Kolumbus Kryu” “Orlando Siti” ilə qarşılaşacaq. Nariman Axundzadənin komandası qarşılaşmanı öz meydanında - Ohayo ştatında keçirəcək. Oyun sentyabrın 15-16-da baş tutacaq.
