Elgiz Kərəmli: “Klub rəhbərliyinin qərarını gözləyirəm”

19 May 2026 17:56
122
Elgiz Kərəmli: “Klub rəhbərliyinin qərarını gözləyirəm”

Azərbaycanın “Şəfa” futbol komandasının baş məşqçisi Elgiz Kərəmli Birinci Liqada qazanılan çempionluqdan sonra komandanın gələcək planları barədə danışıb.

Mütəxəssis çempionluq yolunun asan keçmədiyini deyib. Onun sözlərinə görə, Premyer Liqada legioner limitinin ləğvindən sonra Birinci Liqa klublarına çox sayda futbolçu keçib və bu da rəqabəti daha da artırıb.

“Yarış çox gərgin keçdi. Asan oyunumuz olmadı. Hətta üç-dörd top fərqi ilə qalib gəldiyimiz oyunlar belə gərginliyi ilə yadda qaldı. Məqsədimiz bu uzun marafonda stabilliyi qoruyub saxlamaq idi”, - deyə Elgiz Kərəmli qol.az-a bildirib.

Baş məşqçi Premyer Liqada mübarizənin daha çətin olacağını vurğulayıb. O, komandanın güclənməyə ehtiyacı olduğunu bildirib:

“Hazırda Premyer Liqa çox güclüdür. Klubların heyətində səviyyəli legionerlər var. Onlarla başabaş mübarizə aparmaq asan olmayacaq. Heyətimizdə Premyer Liqada oynaya biləcək futbolçular var, amma yüksək liqaya çıxan ən yaxşı komanda belə güclənmək məcburiyyətindədir. İlk mövsümdə əsas hədəf Premyer Liqada qalmaq olacaq”.

Mütəxəssis müqaviləsi ilə bağlı danışarkən Premyer Liqaya yüksəlişdən sonra müqaviləsinin avtomatik yenilənməli olduğunu, lakin yeni mövsümlə bağlı klub rəhbərliyinin qərarını gözlədiyini deyib.

Baş məşqçi “Şəfa”nın ev oyunları üçün Sumqayıtdakı “SOCAR Polymer Arena”nın sifariş verildiyini, məşqlərin isə böyük ehtimalla Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında davam edəcəyini bildirib.

İdman.Biz