Azərbaycanın “Sabah” futbol komandasının yarımmüdafiəçisi Aleksey İsayev Misli Premyer Liqasında yubiley oyununu keçirib.
İdman.Biz xəbər verir ki, 30 yaşlı futbolçunun Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü matçı 32-ci tura təsadüf edib. İsayev “Neftçi” ilə ev qarşılaşmasına start heyətində çıxıb.
“Sabah”ın 1:2 hesabı ilə uduzduğu görüş Aleksey üçün həm də qolla yadda qalıb. Yarımmüdafiəçi yubiley matçında fərqlənərək Premyer Liqadakı qollarının sayını 15-ə çatdırıb.
İsayev ölkə çempionatında üç klubun formasını geyinib. O, “Sabah”da 118 oyunda 14 qol vurub. Futbolçu “Qarabağ”da 44 matçda bir dəfə fərqlənib, “Sumqayıt”da isə 38 dəfə meydana çıxıb.
