İspaniya La Liqası finişə doğru: autsayderlər yüksək liqada qalmaq uğrunda mübarizə aparır - İDMAN.BİZ-in İCMALI

16 May 2026 15:09
159
İspaniya La Liqası finişə doğru: autsayderlər yüksək liqada qalmaq uğrunda mübarizə aparır - İDMAN.BİZ-in İCMALI

Futbol üzrə İspaniya La Liqasında bazar günü, mayın 17-də keçiriləcək sondan əvvəlki turun oyunları öncəsi turnir cədvəlinin yuxarı hissəsində demək olar ki, bütün məsələlər həllini tapıb.

İdman.Biz xəbər verir ki, “Barselona” artıq çempionluğu təmin edib, Çempionlar Liqasına vəsiqə qazandıran ilk beş pillənin sahibləri də müəyyənləşib.

Kataloniya klubundan başqa, növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak hüququnu “Real Madrid”, “Vilyarreal”, “Atletiko” və “Real Betis” də təmin edib. Qeyd edək ki, İspaniya avrokuboklarda klubların çıxış reytinqinə əsasən Çempionlar Liqasına əlavə yer qazanıb.

Belə vəziyyətdə çempionatın əsas intriqası turnir cədvəlinin aşağı hissəsinə keçib. “Oviedo” artıq La Liqada qalmaq şansını itirib, lakin daha iki komanda elit divizionu tərk edəcək. 37-ci tur öncəsi bir neçə klub təhlükəli zonaya çox yaxındır: “Jirona” və “Alaves”in 40, “Elçe”, “Malyorka” və “Levante”nin isə 39 xalı var. Buna görə də çempionluq yarışının artıq başa çatmasına baxmayaraq, mövsümün sonluğu kifayət qədər gərgin və maraqlı vəd edir.

“Levante” – “Malyorka”

Bu komandalar yüksək liqada qalmaq uğrunda mübarizədə birbaşa rəqiblərdir. Hər iki klubun 39 xalı var, lakin “Malyorka” 18-ci, “Levante” isə 19-cu pillədə qərarlaşıb. Bu matçdakı qələbə riyazi baxımdan tam təminat yaratmasa da, praktiki olaraq elitada qalmaq yolunda həlledici addım ola bilər. Məğlubiyyət isə son tur öncəsi vəziyyəti ciddi şəkildə çətinləşdirəcək.

“Levante” qarşılaşmaya yüksək emosional fonda çıxacaq. Luis Kastronun komandası son iki turda xarakter nümayiş etdirərək həm “Osasuna”, həm də “Selta” üzərində 3:2 hesablı qələbə qazanıb. Xüsusilə “Osasuna” ilə görüşdə komanda 0:2 hesabından geri dönüş etməyi bacarıb. Bundan əlavə, “Levante” “Syudad de Valensiya” stadionunda keçirdiyi son dörd ev matçının hamısında qalib gəlib. Bununla belə, ilkin məlumata görə, komanda Karlos Alvares və Unai Elgesabaldan yararlana bilməyəcək.

“Malyorka”da vəziyyət daha mürəkkəbdir. Martin Demikelisin rəhbərliyi altında yaxşı başlanğıcdan sonra komanda son beş matçın yalnız birində qalib gəlib, ötən turda isə “Xetafe”yə 1:3 hesabı ilə uduzub. Əlavə problem Omar Maskarelin sarı vərəqə limitini doldurduğu üçün bu görüşü buraxacaq olmasıdır. Bununla belə, ada təmsilçisinin əsas ümidi cari mövsümdə 22 qol vuran Vedat Murikidir.

“Atletiko” – “Jirona”

“Jirona” üçün bu görüş meydan sahiblərindən daha böyük əhəmiyyət daşıyır. Çünki madridlilər mövsüm üçün minimum hədəflərini artıq yerinə yetiriblər. Miçelin komandası 40 xalla 15-ci pillədə qərarlaşıb və təhlükəli zonanı cəmi bir xal qabaqlayır.

“Jirona” üçün mövsüm ziddiyyətli alınıb. Komanda “Barselona” üzərində 2:1 hesablı qələbə və “Atletik”ə qarşı 3:0 hesablı darmadağın da daxil olmaqla bir sıra parlaq nəticələr əldə edib. Lakin kollektiv finişə ciddi üstünlük ehtiyatı olmadan yaxınlaşıb. Son turlarda kataloniyalılar stabil qələbələr qazana bilmirlər. Klubun rəsmi saytında Madrid səfəri öncəsi bu matç komanda tarixinin ən vacib görüşlərindən biri kimi təqdim olunub. Ayrı diqqət çəkən məqam isə Kristian Stuani faktorudur. Təcrübəli hücumçu son iki matçda iki qol vurub və start heyətində yer ala bilər.

“Atletiko” artıq Çempionlar Liqasına vəsiqə məsələsini həll edib, lakin Dieqo Simeonenin komandası üçün turnir motivasiyası qalır. Madrid təmsilçisi 66 xalla dördüncü pillədədir və hələ də “Vilyarreal”la üçüncü yer uğrunda mübarizə apara bilər. Ötən turda “Atletiko” “Osasuna”nı 2:1 hesabı ilə məğlub edib. Bununla belə, komandanın heyət durumu asan deyil: bir neçə zədəli futbolçu var, Markos Lyorente isə cəzalı olduğuna görə bu matçı buraxacaq.

La Liqanın 37-ci turunun təqvimi

(oyunların böyük əksəriyyəti Bakı vaxtı ilə saat 21:00-da başlayacaq)

17 may

“Real Sosyedad” – “Valensiya”

“Levante” – “Malyorka”

“Atletik” – “Selta”

“Rayo Valyekano” – “Vilyarreal”

“Sevilya” – “Real”

“Atletiko” – “Jirona”

“Oviedo” – “Alaves”

“Osasuna” – “Espanyol”

“Elçe” – “Xetafe”

“Barselona” – “Betis” (23:15)

37-ci tur öncəsi La Liqanın turnir cədvəli

“Barselona” – 91

“Real” – 80

“Vilyarreal” – 69

“Atletiko” – 66

“Betis” – 57

“Selta” – 50

“Xetafe” – 48

“Real Sosyedad” – 45

“Atletik” – 44

“Rayo Valyekano” – 44

“Valensiya” – 43

“Sevilya” – 43

“Osasuna” – 42

“Espanyol” – 42

“Jirona” – 40

“Alaves” – 40

“Elçe” – 39

“Malyorka” – 39

“Levante” – 39

“Oviedo” – 29

İdman.Biz