FIFA klublara yeni tələb hazırlayır - FOTO

14 May 2026 14:25
118
FIFA klublara yeni tələb hazırlayır - FOTO

FIFA klubları əsas komanda oyunlarında 21 yaşadək akademiya yetirmələrinə yer verməyə məcbur edə bilər.

İdman.Biz xəbər verir ki, təklif gələn il FIFA Şurasının müzakirəsinə çıxarılacaq. Layihəyə əsasən, klublar matç zamanı meydanda ən azı bir 20 və ya 21 yaşadək öz akademiya yetirməsini saxlamalı olacaqlar. FIFA Şurasının Vankuverdə keçirilən iclasında bu məsələ ilə bağlı məsləhətləşmə prosesinə start verilməsi yekdilliklə dəstəklənib.

Qurumun əsas məqsədi klubları gənc istedadlara daha çox sərmayə qoymağa və akademiya futbolçularına real oyun praktikası verməyə təşviq etməkdir. Çünki bir çox komanda hazır futbolçuların transferinə üstünlük verir və bu, gənclərin əsas komandaya yolunu çətinləşdirir.

Mövcud qaydalarda klubların heyətində yerli və ya akademiya futbolçuları üçün kvotalar var, amma həmin oyunçuların mütləq meydana çıxması tələb olunmur. FIFA-nın yeni planı qəbul edilsə, bu, əvvəlki qaydalardan daha sərt mexanizm olacaq.

Məlumata görə, bu tələb bütün klublara eyni dərəcədə təsir göstərməyəcək. 2025/2026 mövsümündə böyük klublar arasında akademiya yetirmələrinə ən çox şans verən komandalardan biri “Barselona”dır. Kataloniya təmsilçisinin yetirmələri La Liqada 6039 dəqiqə meydanda olub. “Liverpul” və “Tottenhem”də vəziyyət daha zəifdir, “Napoli”də isə 21 yaşadək heç bir yerli yetirmə meydana çıxmayıb.

İdman.Biz