Türkiyənin “Qalatasaray” futbol komandasının argentinalı hücumçusu Mauro İkardinin klubdakı gələcəyi ilə bağlı yeni iddia gündəmə gəlib.
İdman.Biz “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi başa çatmaq üzrə olan futbolçuya yeni anlaşma üçün maaş endirimi təklif edib. Lakin İkardi bu təklifi geri çevirib.
İddialara əsasən, “Qalatasaray” rəhbərliyi illik 10 milyon avro (20 milyon AZN) qazanan 33 yaşlı hücumçuya təxminən yarı məbləğində yeni müqavilə təklif etməyi planlaşdırıb. Bu qərarda futbolçunun yaşı və son dövrlərdəki çıxışındakı enişin rol oynadığı bildirilir.
Məlumata görə, argentinalı forvard maaşının azaldılması fikrindən narazı qalıb və bu yanaşma onda inciklik yaradıb. Türkiyə mətbuatı İkardinin artıq ayrılıq qərarı verdiyini iddia edir.
Bu vəziyyətdən sonra “Qalatasaray”ın hücum xəttinə iki yeni futbolçu transfer etmək üçün çalışmalarını sürətləndirdiyi qeyd olunur.
