İspaniyanın “Real Madrid” futbol komandasının müdafiəçisi Dani Karvahalın DÇ-2026-da iştirakı ciddi sual altına düşüb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu İspaniya millisinin son heyətində yer almayıb. İspaniya Futbol Federasiyasının rəsmi səhifəsində müdafiəçilər sırasında Moskera, Qrimaldo, Kubarsi, Markos Lyorente, Huysen, Pedro Porro, Laport və Kukurelyanın adları göstərilib, Karvaxal isə siyahıda yoxdur.

Bu, təcrübəli sağ cinah müdafiəçisinin DÇ-2026-da iştirak perspektivini daha da zəiflədib. Daha əvvəl İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Karvahalı tam silmədiyini desə də, onun fiziki durumunu və formasını sübut etməli olduğunu bildirmişdi.

Karvahal 2025-ci ildə İspaniya millisində cəmi bir oyun keçirib. “Real Madrid”də də oyun praktikası azalan müdafiəçi mundial öncəsi əvvəlki səviyyəsinə qayıtmaq üçün vaxtla yarışırdı.

DÇ-2026-da İspaniya millisi H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.

