Karim Rossi: “Hələ heç bir klubla yekun razılığım yoxdur” - MÜSAHİBƏ

11 May 2026 18:30
152
Karim Rossi: “Hələ heç bir klubla yekun razılığım yoxdur” - MÜSAHİBƏ

“Həmişə dediyim kimi, bir neçə klubla, o cümlədən “Şamaxı” ilə də danışıqlarımız davam edir”.

Bunu ”Şamaxı”nın hücumçusu Karim Rossi ”Neftçi”yə səfərdə 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 31-ci tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Bizim üçün çətin oyun oldu. “Neftçi” qələbəyə layiq idi, bu gün daha yaxşı tərəf onlar idi. Həqiqətən çox güclü oyun sərgilədilər, keyfiyyətli futbolçuları var. Biz isə göstərmək istədiyimiz oyunu ortaya qoya bilmədik. Planlarımız erkən qol buraxdığımız üçün pozuldu. “Neftçi”ni təbrik edirəm, qələbəyə layiq idilər.

- Mövsümün sonunda müqaviləniz başa çatır. Gələcəyinizlə bağlı vəziyyət necədir? Ayrılmağı düşünürsünüz, yoxsa danışıqlar davam edir?

- Həmişə dediyim kimi, bir neçə klubla, o cümlədən “Şamaxı” ilə də danışıqlarımız davam edir. Müqaviləm iki həftədən sonra bitir. Bu mövsüm mənə yaratdığı fürsətə görə kluba təşəkkür edirəm. Burada olmaq və komandaya kömək etmək mənim üçün xoş oldu. İndi isə görəcəyik – Azərbaycanda qalacağam, yoxsa xaricə gedəcəyəm. Hazırda heç bir klubla yekun razılığım yoxdur. Mövsümü başa vurmaq və sonra qərar vermək istəyirəm.

- Əgər Azərbaycandan daha yaxşı şərtlərlə təklif gəlsə, yenə burada oynamağı düşünərsiniz?

- Bəli, düşünürəm ki, burada qalmaq istərdim. Özümü yaxşı hiss edirəm, ailəm də burada xoşbəxtdir. Liqanı bəyənirəm və hesab edirəm ki, bu mövsüm pis çıxış etməmişəm. Ona görə də Azərbaycanda qalmaq mənim üçün məntiqli olar. Amma futbolda hər şey mümkündür, çox şey dəyişə bilər. Bu, yalnız məndən asılı deyil, bir çox amillər var. Görəcəyik.

İdman.Biz