Abbasov 350-yə çatdı: Premyer Liqada tarixi göstərici

10 May 2026 15:57
116
Abbasov 350-yə çatdı: Premyer Liqada tarixi göstərici

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” futbol komandasının kapitanı Urfan Abbasov ölkə çempionatlarında əlamətdar göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, təcrübəli müdafiəçi Premyer Liqada 350-ci oyununu keçirib. Onun yubiley matçı Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt”la səfər görüşünə təsadüf edib. “Araz-Naxçıvan” həmin qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Abbasov 350 oyunda səkkiz qol vurub. Premyer Liqada debütü 2011/12 mövsümünə təsadüf edən futbolçu karyerası ərzində üç komandanın formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol), “Araz-Naxçıvan”da isə 55 (1 qol) oyun keçirib.

Urfan Abbasov Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirən 14-cü futbolçu kimi düşüb. O, 2025/26 mövsümündə sifariş vərəqəsində yer alan futbolçular arasında üçüncü göstəriciyə malikdir. Bu siyahıda “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, mövsümün gedişində karyerasını “Araz-Naxçıvan”da bitirən Qara Qarayev isə 360 oyunla ondan öndədir.

İdman.Biz